Onlayn məhkəmələr yaradılacaq – KİÇİK İDDİALAR ÜZRƏ

01 Ноябрь 2019
20:24
30

Böyük Britaniyada kiçik hüquqi mübahisələrin həlli üçün onlayn məhkəmələrin yaradılması təklif olunub. Fins.az-ın “The Independent”-ə istinadən məlumatına görə, bu təşəbbüslə Birləşmiş Krallığın mülki işlər üzrə şurası (CJC) çıxış edib. İngiltərə və Uelsin mülki işlər üzrə baş hakimi Con Dayson bu məsələnin vacibliyini vurğulayıb. “CJC”-nin fikrincə, onlayn məhkəmələr hər il minə qədər iddianı nəzərdən keçirə bilər. Bu da Ədliyyə Nazirliyinə olan xərclərə xeyli qənaət etməyə imkan verəcək. Şurada hesab edirlər ki, ənənəvi məhkəmələrlə paralel işləyəcək bu sistem məhkəmə müraciətlərinin və ümumi məhkəmə proseslərinin səmərəsinin artırılmasına kömək edəcək. Təşəbbüsün müəllifləri təklif edirlər ki, “onlayn məhkəmə”lər əvvəlcə pilot layihə kimi başlansın.

Belə məhkəmələr hələlik 25 min funt-sterlinqə qədər olan iddialara baxacaqlar. Onlayn məhkəmələr lazımı elektron sənədlər toplandıqdan sonra qərar çıxarır. Bundan başqa, bəzi hallarda, telefonla məhkəmə prosesinin dinlənilməsi imkanı da yaradıla bilər. “CJC”-nin əməkdaşları layihəni eBay şirkətindən ilhamlanaraq hazırladıqlarını söyləyiblər. Qeyd edək ki, “eBay” onlayn-sistem vasitəsilə hər il 60 milyon mübahisə həll edir.