12 minə yaxın adam elektron arayış alıb

01 Ноябрь 2019
20:38
24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ötən ilin dekabrında istifadəyə verdiyi “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə indiyə qədər 11610 arayış verilib. Bu barədə fins.az ƏƏSMN-dən məlumat verilib.
Xatırladaq ki, Nazirlik dövlət başçısının fərmanına əsasən, ötən ilin iyulundan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqi əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı məlumat bazası formalaşdırıb.

Bu baza əsasında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və vəsait (nəqliyyat xərci) sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yeri haqqında arayışın əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilməsi də mümkündür.

Elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar şəkildə öz əksini tapır.

Hazırda “İş yerinə dair arayış” e-xidməti vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlər siyahısındadır. Ötən ilin dekabr və bu ilin yanvar ayı ərzində bu e-xidmətdən 28689 nədər istifadə edib.