“Biznes Jurnalistika Layihəsi”nin 3-cü təlim sessiyası başa çatdı

01 Ноябрь 2019
23:47
39

“British Council” və “PAŞA Bank”ın birgə layihəsi olan “Biznes Jurnalistika Layihəsi”nin 3-cü təlim sessiyası başa çatıb. Fins.az-ın məlumatına görə, fevralın 21-dən 25-nə qədər davam etmiş 5 günlük sessiyanı Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Dan Mason aparıb.
Sessiya çərçivəsində jurnalistlər öz multimedia reportajlarını və komanda şəklində internet saytlarını hazırlayıblar, eləcə də Bakıdakı biznes müəssisələrinə (“Azercell”, “Azərbaycan Polad İstehsalı Kompleksi”) səfər ediblər. Bundan başqa, qələm əhlinin “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova ilə görüşü təşkil olunub.Görüş zamanı Sona Abbasova jurnalistləri maraqlandıran suallara cavab verib.
Martın 22-dən 29-na qədər isə “Biznes Jurnalistika Layihəsi”nin iştirakçıları Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olacaq, bu ölkənin aparıcı media müəssisələrinə mübadilə səfəri edəcək, bir sıra görkəmli jurnalistlərlə görüşəcəklər.
Xatırladaq ki, “Biznes Jurnalistika Layihəs” 2011-ci ildən, artıq 4-cü dəfədir ki, həyata keçirilir. Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalisti layihədə iştirak üçün seçilib. Onların arasında Fins.az-ın redaktoru Namiq Hüseynov da var.
Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Tomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.