Neft bu il 100 dollara kimi bahalaşa bilərmi? – AÇIQLAMA

30 Октябрь 2019
12:57
358

2017-ci ilin sonundan etibarən neftin qiyməti artmağa başladı və yanvar ayının 4-də hətta 70 dollar həddini də keçdi. Hazırda isə bir qədər ucuzlaşma müşahidə edilir. Bəs neftin qiyməti 2018-ci il ərzində hansı həddə qədər yüksələ bilər?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Fins.az-a bildirib ki, neftin ilin sonundan etibarən birdən-birə yüksəlməsi, 65-70 dollar dəhlizinə daxil olması iki amillə bağlıdır. Birincisi Şimal dənizindəki 80 yataqda Böyük Britaniyaya gedən boru kəmərində sızma baş verdi və orda müəyyən müddətə boru kəmərində ixrac dayandı. İkinci hadisə isə Liviyada Aralıq dənizinə çıxan ixrac boru kəmərinin partladılması oldu. Bu iki faktor birjalara böyük təsir göstərdi və neftin qiyməti artmağa başladı. Nəticədə, London birjasında neftin qiyməti 66,62 dollarla ilə yekun vurdu.

İl başlayanda da neftin qiymətinə iki faktor təsir etdi. Birincisi, Kanada və ABŞ-da havaların kəskin soyuması ilə yanacağa olan tələbatın artdı. Digər tərəfdən, yanvar ayının 3-də Amerika Neft İnstitutu ABŞ-da həftəlik neft ehtiyatının 5 milyon barel azalacağını açıqladı. Nəticədə neft kəskin bahalaşdı və 2015-ci ilin may ayından etibarən sonra ilk dəfə 68 dollar baryerini aşdı. Amma sonradan neft ehtiyatlarının 5 milyon deyil, 4,7 milyon barel azalacağı bildirildi. Ona görə də neftin qiymətində 68,20 dollardan 67,70 dollara qədər eniş müşahidə edildi.

İl ərzində neftin qiyməti ilə bağlı proqnozlara gəlincə, İ.Şaban bildirib ki, neftin qiyməti 80 dollara yüksəlib 40 dollara düşə də bilər: “Bu o qədər də maraqlı proses deyil. Çünki bu prosesdə udan nə şirkətlər, nə də neft ixrac edən ölkələr olmur. Çünki neftin hər hissəsinin hansı qiymətə satılması, hansı qiymətdən fyuçers əldə edilməsi onlara hər hansı nəzərə çarpacaq dividend gətirmir. Şirkətlər və neft ixrac edən ölkələr üçün rüblük və illik qiymətlər vacibdir”.

Ekspert deyib ki, bu il üçün neftin orta qiyməti 56-57 dollar proqnozlaşdırılır. Yəni ötən il ilə müqayisədə 3 dollar artım gözlənilir.

İ.Şaban bu proqnozun Azərbaycan üçün müsbət olduğunu bildirib: “Hökümət bu il üçün neft həcmlərinin azalmasını proqnozlaşdırır. Neftin qiymətinin artımı bizim üçün bu azalmanı kompensasiya etməlidir. Ötən il Dövlət Neft Fonduna 6 milyardan bir qədər artıq neft gəlirləri daxil olub. Əgər neftin qiyməti artarsa, cari il üçün də bu məbləğdən az olmayan gəlir gözlənilir”.

Новости