Torpaqdan alınan torpağa qaytarılmalıdır - TƏHLİL

30 Октябрь 2019
12:57
319

Təbiətdə elə möcüzə görünməyib ki, süni yaranan hər hansı bir qida məhsulu təbii yaranandan üstün olsun. Sintetika da yun, dəri, pambıq, ipək, hətta kağız materialları belə əvəz edə bilmir. Eləcə də kimyəvi preparatlar təbii otlardan alınmış dərmanları nəticədə əvəz edə bilməz.
Sənaye üsulu ilə alınmış mineral gübrələrin, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı işlədilən pestisidlərin və s. preparatların tətbiqinin bir əsr tarixi ola, ya da olmaya. Ancaq ötən müddət ərzində məhsuldarlıq artsa da, onun ətri və dadı əvvəlki məhsullarda olduğundan geri qalmaqda davam edir. Bu da səbəbsiz deyildir.
Uzun illər kobud surətdə istismar edilən əkin yerlərinin zaman-zaman kimyəvi maddələrlə çirklənməsi torpaqları gücdən salmışdır. Nəzərə alınmalıdır ki, qeyd etdiyimiz bu bir əsrdə biosferə canlı orqanizm üçün zərərli olan külli miqdarda tullantılar, ondan dörd milyon potensial kimyəvi maddə, o cümlədən 180 mindən çoxu xüsusi təhlükəli zərərli maddələr atılmışdır.
Odur ki, yüz il bundan əvvəl adam bir gündə qəbul etdiyi qida ilə ona münasib enerji sərf etməklə 5 min-6 min kilokalori alırdısa, hazırda indiki yaşayış tərzi ilə ən təbii, ekoloji təmiz sayılan qida ilə yaxşı halda 2400, əsasən isə 1900-2100 k.kal. qəbul edir.
Onu da qeyd edək ki, hələ keçən əsrin 60-cı illərində bu enerji 3600 k.kal. olmuşdur. Orqanizmin tələbatı isə bundan sonra da genetik olaraq dəyişən deyildir. Bu o deməkdir ki, adam bir gündə “S” vitamininə olan tələbatını ödəmək üçün gərək bütün günü meyvə-tərəvəz yesin, yaxud da 15 stəkan təzə alma şirəsi içsin.
Sovetlər ölkəsində, o cümlədən Azərbaycanda da 1960-cı illərdə məlum kənd təsərrüfatının kimyalaşdırılmasından örnək götürərək azot gübrəsinin də yüksək dozada geniş tətbiqinə rəvac verildi. Təsadüfi deyildir ki, elə 1960-1970-ci illərdə bostan, tərəvəz və yem bitkilərində (ən çox) nitratların toplanmasının geniş tədqiq edilməsi zərurəti yaranmışdır. Nəticədə bitki məhsullarının keyfiyyətini yaxşılaşdırmaq, yəni onların tərkibində nitratları azaltmaq üçün azot gübrəsinin dozasını maksimum azaltmaqla məhsulun 8-10 faiz az toplanmasına yol vermək rəyinə gəlindi. Onsuz da bu və ya digər səbəbdən bütün dünyada istehsal olunan ərzağın üçdə bir hissəsi, bunun da ildə təxminən 1,3 milyard tonu itirilir, ya da tullanır.
Yeri gəlmişkən deməliyəm ki, nəinki Azərbaycanda, həmçinin bütün dünyada torpaqların təbii qida maddələri ilə zənginləşdirilməsi, onun strukturunun yaxşılaşdırılması ən vacib problemlərdən biridir. Bir sözlə, qida maddələri ilə zəif qumsal torpaqların münbitliyinin artırılması günün daha vacib, aktual məsələsinə çevrilmişdir.
Min illər bundan əvvəl əcdadlarımız əkinçiliklə məşğul olduğu dövrlərdən günü bu günə sübut olunub ki, harda ki məhv olmuş heyvan qalıqları var, orda bitkilər daha şaxlı, budaqlı inkişaf edir. Ola bilsin, elə o zamanlar kimsə baş sındırıb necə və nəyin hesabına bitki aləminin yaşamasını öyrənməyə başlamışdır.
Bitkilərin qidalanması haqqında ilk təsəvvürü hələ bizim eradan 384-322 il əvvəl yaşamış yunan alimi Ərəstu (Aristotel) vermişdir. Sonrakı yüzilliklərdə bitkilərin qidalanmasında havanın və üzvi maddələrin rolu haqqında çoxlu təcrübələr aparılmışdır. Nəhayət, 1840-cı ildə elmi əsaslarla sübut olunmuşdur ki, üzvi birləşmələr insan və heyvanat aləminin yaşayışını təmin etmək üçün əsas qida mənbəyidir. Bitkilərin isə qida mənbəyi yalnız qeyri-üzvi maddələrdir ki, onlar da həmin üzvi maddələrin parçalanmasından alınır. Deməli, bitkilər üzvi maddələri yalnız minerallaşdıqdan sonra qəbul edirlər. Yəni bitkilər insandan fərqli olaraq heç vaxt çirkli sularda olan üzvi tullantıları qəbul etmirlər. Bu baxımdan şüurlu insanlar torpaqdan qəbul etdikləri nə varsa, hamısını üzvi tullantılar şəklində geri qaytarmalıdırlar. Məsələn, insan fekalı (gecə qızılı) torpağa qaytarılarsa, təbii olaraq onun tərkibində 0,5-0,8 faiz azot, 0,2-0,4 faiz fosfor, 0,2-0,3 faiz kalium və zəngin mikroelementlər qaytarılmış olur. Həm də bu maddələr başqa üzvi gübrələrə nisbətən bitkilərin daha asan mənimsənilə biləcəyi şəklində olur. Ona görə də gecə qızılını tez təsir edən üzvi gübrələrə aid edirlər. Bu üstünlükləri nəzərə alaraq ekologiyası pozulmuş, münbitliyi azalmış torpaqlarımızın bərpası üçün kompost istehsalı tövsiyə olunur.
Bunun xərc çəkmədən sadə üsulu var. Fermerlər, eləcə də fərdi təsərrüfatçılar azı 10-15 kubmetr ölçüdə quyunu fermaya yaxın, yaxud münasib yerdə qazmaqla mal-qaranın fermadan çıxan bərk və duru ifrazatını, qoyun qığını, toyuq zılını, qaz, ördək, göyərçin və s. quşların bütün tullantılarını, ağac yonqarını (kəpəyini), payızda tökülən bütün xəzəlləri (yandırılmadan), pambıq qərzəyini, üzüm cecəsini, imkan olarsa, bazarların xarab məhsullarını, fabriklərin üzvi tullantılarını, ən əsası isə mətbəxdən hər gün atılan ərzaq qalıqlarını quyuya doldurduqdan sonra axırıncı dəfə quyudakıları yaxşıca nəmləşdirib, üzərini sintetik, qalın (poliamid) pərdə ilə kip örtmək lazımdır. Azot itkisinə yol verməmək üçün quyunun ətrafını çim (yaş) torpaqla basdırmaq lazımdır.
Biokonversiya üsulu ilə kompost hazırlanarsa, fekalın quru qalığından da 2-3 ildən bir istifadə etmək mümkündür. Qoxunun azaldılması məqsədilə torf, ocaq külü yaxud xüsusi bakteriya növlərindən istifadə etmək olar.
Kompost hazırlanan zaman təbii çürümə nəticəsində azı 60C istilikdə alaq otlarının toxumları, zərərverici və xəstəlik törədiciləri tam məhv olur. Əksərən peyində əmələ gələn danadişinin kökü kəsilir. Belə hazırlanan kompost ən geci altı aya tam yetişir.
Çürüməni tezləşdirmək üçün yuxarıda qeyd olunan azotobakterin və fosfor yaradan biopreparatlardan istifadə olunarsa, kompostun tərkibində bitki tərəfindən mənimsənilə bilən qida maddələrinin miqdarı xeyli artar.
Kompost nədir? Əvvəla, kompost bitkiləri asan mənimsənilən qida maddələri ilə təmin edir. Ən əsası faydalı mikroorqanizmlərin sayını xeyli miqdarda artırmaqla onların fəaliyyətini yaxşılaşdırır. Torpağın bioloji aktivliyini yüksəldir. Humusun (çürüntü) miqdarını artırır. Torpağı azot, fosfor, kalium və mikroelementlərlə zənginləşdirir.
Kompost həmçinin torpağın su-fiziki və aqrokimyəvi xüsusiyyətlərinə müsbət təsir edərək su, hava və temperatur rejimini normallaşdırır, torpağı yumşaq saxlamaqla onu dənəvər edir. Bir sözlə, qida elementlərinin bitkiyə daxil olmasını da sürətləndirir. Sənaye gübrələrindən fərqli olaraq xüsusən də azot gübrəsinə nisbətən kompostun artıq səpilməsi nəinki məhsulun keyfiyyətini pisləşdirir, əksinə, onun tərkibində nitratın çox toplanmasının qarşısını alır. Ən yüksək dozada (hektara 120-180 kq.) azot gübrəsi verdikdə 8 kq-dək yuyulub yeraltı sulara qarışır. Kompost isə içməli suyu, havanı və torpağı çirkləndirmir. Zavod gübrələri hələlik öz işini görə bilir, yəni kənd təsərrüfatında əsasən bu müəssiələrin istehsalı olan azot və fosfordan daha çox istifadə olunur. Ancaq torpağın ekologiyasını qorumaq üçün mineral gübrələrdən az istifadə etməliyik. Onsuz da son zamanlar respublikamızda gübrə azdır, kənardan gətirilən gübrələr isə artıq zəhmət və xərc tələb edir. Eyni zamanda əkinçilikdə növbəli əkinə az yol verilir, kifayət qədər peyin yoxdur. Onun düzgün “yetişdirilməsi” və səmərəli istifadəsi yox dərəcəsindədir.
Son illər taxıl biçildikdən sonra kövşən sahəsinə od vurub yandırırlar. Beləliklə, uzun illər yığılan humus qatı yandırılır, azot itkisinə də yol verilir. Bu isə torpağa, gələcək məhsuldarlığa ziyan vurmaq deməkdir. Torpaqların qeydinə qalmaq, onu yaşatmaq, gələcək nəsillərə sağlam halda qaytarmaq bu gün hər bir torpaq sahibinin borcudur. Ona görə də süni mineral gübrələrin xeyli hissəsini üzvi gübrələrlə əvəz etmək məqsədilə bütün üzvi tullantılardan komposlaştma aparılmasına başlamaq, onun imkanlarından səmərəli faydalanmaq lazımdır. Bu gün də olmasa, gələcəkdə külli miqdarda üzvi qalıqlardan istifadə etmək məcburiyyətində qalacağıq.
Təbiətin özü bizə torpaq, bitki və ondan alınan məhsul arasında əlaqənin nəticəsi kimi meşə torpaqlarının əvəzolunmaz münbitliyini, bərəkətini bəxş etmişdir. Biz isə təbiətin bu qanuna müdaxilə edərək torpaq, bitki və üzvi gübrə ilə yanaşı, mineral gübrələri əlavə edib, aqrokimya elmini yaratmışıq. Onun köməyi ilə, daha doğrusu mineral gübrələrin hesabına məhsul istehsalını artırmışıq. Nə qədər gec deyil, hər bir sahibkar öz imkanı daxilində torpağı heydən düşməyə qoymamalıdır, onun harayına çatmalıdır. Bunun üçün çöllərə atılan, dənizə axıdılan üzvi tullantılar komposlaştdırılıb torpağa verilməlidir. Yerli üzvi gübrə sayılan peyinin çatışmazlığını, mineral gübrələrin baha olmasını nəzərə alaraq daxili imkanlardan maksimum istifadə olunmalıdır. Səriştəli təsərrüfatçı toxum və əkin materialını özü tutduğu kimi istehsal etdiyi kompostla gübrəyə olan tələbatının xeyli hissəsini ödəyə bilər. Komposta qənaət etmək məqsədilə bostan əkinində yuvalara, kartof əkinində isə şırma verməklə əkin aparmaq da olur. Bu zaman hektara 10-12 ton kompost sərf etmək olar.
Ekologiyası pozulmuş, münbitliyi azalmış torpaqların bərpası üçün paxlalı bitkilərin əkini ilə növbəli əkin sistemi tətbiq edilməklə, yerli asan mənimsənilən kompostun fasiləsiz hazırlanaraq tətbiqi vacib şərtlərdəndir. Abşeronda məişət tullantılarından enerji hasil olunursa, kənd təsərrüfatı regionlarına yaxın Gəncə şəhərinin alt massivində kompost istehsalı müəssisi mümkündür. Hələlik isə heç bir məsarifə yol vermədən sadəcə kompost almaq imkanımız çoxdur. Azərbaycan dünyanın 11 iqlimindən 9 növünə, ona uyğun da torpaq şəraitinə malikdir. Odur ki, gəlin bundan səmərəli istifadə edək, torpağı əkinə yararlı vəziyyətdə saxlayaq. (aqrobiznes.az)

Urfan MƏMMƏDOV,
Aqrar elmlər üzrə fəlsəfə doktoru

Eləcə də bax: Cənub Qaz Dəhlizi bizə nə verəcək? - TƏHLİL

Новости