Bu ilin yekununda Azərbaycanın sığorta bazarında artım 30% civarında olacaq - ANALİTİKA

30 Октябрь 2019
12:57
355

Azərbaycanın sığorta bazarında artım göstəricisi 5 aydır azalmaqda davam edir.

Fins.az-ın məlumatına görə, bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Qurumun açıqladığı statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında 21 yerli sığorta şirkəti 568,5 mln. manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,2% çoxdur. Xatırladaq ki, sözügedən dinamika yanvar-avqust aylarının yekununda 40,1%, yanvar-iyul aylarının yekununda 42,4%, yanvar-iyun aylarının yekununda 43,5%, yanvar-may aylarının yekununda 46,1%, yanvar-aprel aylarının yekununda 55,2%, yanvar-mart aylarının yekununda 28,2%, yanvar-fevral aylarının yekununda 25,4%, yanvar ayının yekununda isə 17% təşkil edib.

Göründüyü kimi, ilin ilk 4 ayında sığorta bazarının böyümə tendensiyası müsbət istiqamətdə, 5-9-cu aylarda isə mənfi istiqamətdə olub. Yanvar-aprel aylarında müşahidə edilmiş kəskin artım apreldə sığorta yığımlarının nəzərəçarpacaq dərəcədə çox olması ilə bağlıdır. Belə ki, Azərbaycan sığortaçıları təkcə həmin ay ötən ilin aprel ayına nisbətən 2,4 dəfə çox – təxminən, 108 mln. manat sığorta haqqı toplayıb. Halbuki ilin əvvəlindən bəri aylıq yığım orta hesabla, təxminən, 63 mln. manat təşkil edib. Son nəticədə sığorta bazarında artım göstəricisi azalmaqdadır.

“Report”un analitik qrupu hesab edir ki, bu tendensiya ilin sonuna qədər davam edəcək. Artım göstəricisi yanvar-oktyabr aylarının yekununda, təxminən, 35%, yanvar-noyabr aylarının yekununda 32-33%, yanvar-dekabr aylarının yekununda isə, təxminən, 30% təşkil edəcək.

Новости