Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Mərkəzi Bank depozit cəlbinin əhəmiyyətli artımı, ancaq buna baxmayaraq kreditləşmənin zəifləməsi səbəbindən banklarda yaranmış izafi likvidliyi azaltmağa yönəlik maliyyə alətlərindən istifadə etməklə banklara dəstək verməyi davam etdirib. Fins.az Baku Research İnstitute-nin Bank sektorunda apardığı analitikanı təqdim edir. 2018-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank tərəfindən ümumilikdə 41 depozit hərrac keçirilib. Bu depozitlər qısamüddətli – 14 günlük cəlb edilib. Cəmi 3 hərracda depozitin cəlb edilmə müddəti fərqli olub: 10, 13 və 20 günlük. Hərraclarda Mərkəzi Bank tərəfindən depozit sifarişinin həcmi 200-350 milyon manat civarında dəyişib. Yalnız 1 hərrac istisna olmaqla, bütün hərraclarda bankların tələbi təklifi bir neçə dəfə üstələyib. Depozit hərracı üçün Mərkəzi Bank tərəfindən təklif olunan illik faiz dərəcəsi 8,01%-14,79% intervalında dəyişib. Keçirlmiş 41 hərracın 34-dən illik faiz dərəcəsi 8,01% olub. Hesabat dövründə banklar bu hərraclar vasitəsilə 41 milyon manatdan çox faiz gəliri əldə edib.
Mərkəzi Bank eyni zamanda qısamüddətli notlar vasitəsilə banklara dəstək verib. Hesabat dövründə Mərkəzi Bank Bakı Fond Birjası vasitəsilə 40 dəfə qısamüddətli not yerləşdirib. Notların yerləşdirmə müddəti 28 gün olub. Cəmisi iki yerləşdirmə 27 günlük, bir yerləşdirmə isə 364 günlük olub. Yerləşdirilən notların həcmi əsasən 250-300 milyon manat həcmində dəyişib. Bankların bu qiymətli kağızlara tələbi 2-3 dəfə üstələyib. Notların illik gəlirliliyi 8,01%-14,52% intervalında dəyişib. Bu qiymətli kağızlar vasitəsilə banklar təxminən 69 milyon manat həcmində faiz gəliri əldə ediblər.
Mərkəzi Bankın likvidliyin idarə edilməsi üzrə digər əməliyyatları – 1, 3 və 7 günlük repo və əks-repo əməliyyatları baş verməyib.
Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdirilmiş kreditlər bankların resurs mənbələrindən biri hesab edilir. Ancaq son dövrlər bu mənbəyin payı getdikcə azalır və uyğun tendensiya 2018-ci ildə də davam edib. 2018-ci ilin 9 ayı ərzində mərkəzləşdirilmiş kreditlərin həcmi 19,2% azalaraq 746,3 milyon AZN-ə düşüb. Hazırda belə kreditlərin həcmi son 10 ildən ən aşağı səviyyədədir. Mərkəzi Bankın ən yüksək kredit dəstəyi isə 2015-ci ildə (6,2 milyard AZN ) olub.
Mərkəzləşdirilmiş kreditlərin həcminin azalması bu növ kreditlərin payının da azalmasına gətirib çıxarıb. Hesabat dövrü ərzində mərkəzləşdirilmiş kreditlərin bankların kredit portfelində payı 8%-dən 6,2%-ə düşüb. Bu müddətdə illik faiz dərəcələri 15%-dən 10%-ə endirilib. Buna səbəb Mərkəzi Bankı uçot dərəcələrini mərhələlərlə 15%-dən 10%-ə endirməsidir.
2018-ci il oktyabrın 1-i tarixinə bank müştərilərininin sayı 6,23 milyona çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 7,9% çoxdur. Bu, tarixi rekord həddir. Bu müştərilərin 6,13 milyon və ya 98,4%-i fiziki, 1,6%-i və ya 99,6 mini hüquqi şəxslərin payına düşüb. Hesabat dövrünün sonuna müştəri hesablarının sayı isə 8,5% artaraq 17,5 milyona yüksəlib. Müştəri hesablarının 83,4%-i cari, 14,6%-i kredit, 2%-i depozit hesablarının payına düşür. Ümumən götürdükdə son illər kredit və depozit hesablarının azalması hesabına cari hesabların payının artımı müşahidə edilir. Devalvasiyadan əvvəlki il – 2014-cü ildə cari hesabların payı 74,7% olduğu halda 2018-ci ilin sentyabr ayının sonuna 83,4%-ə çatıb. Bu müddətdə kredit hesablarının payı 22,4%-dən 14,6%-ə, depozit hesablarının payı isə 2,9%-dən 2%-ə düşüb. 2013-cü ildə bir bank müştərisinə 1,7 hesab düşürdüsə, hazırda bu göstərici 2,8-ə qədər artıb.
Bank sektorunda dollarlaşma səviyyəsinin aşağı düşməsi tendensiyası 2018-ci ildə də davam edib. Həm kredit qoyuluşunda, həm depozit cəlbində əksdollarlaşma müşahidə edilib.
2015-ci ildə 2006-cı ildən sonra ən yüksək dollarlaşma səviyyəsinə (49,4%) çatan kredit qoyuluşunda manatın məzənnəsinin sabitliyi fonunda növbəti illərdə azalma müşahidə edilib. 2018-ci ilin 9 ayı ərzində xarici valyutada olan kreditlərin payı 40,9%-dən 38,6%-ə düşüb. Bu, 2014-cü ildən sonra ən aşağı həddir.
Müəllif: Xeybər Heydərov