“Elektron sistem müxtəlif xidmətləri fermerlərin ayağına gətirəcək”

30 Октябрь 2019
12:57
417

Gələn ildən etibarən aqrar sahədə dövlət dəstəyi tam şəkildə elektron hökumət üzərindən həyata keçiriləcək. Fermerlər subsidiyaları artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) üzərindən ala biləcəklər. Yeni ttəbiqə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi onların EKTİS-ə daxil etdikləri məlumatlar əsasında veriləcək. Fermer əkin sahəsi barədə dövləti məlumatlandıracaq və buna uyğun olaraq subsidiya alacaq. Eyni zamanda, sertifikatlı toxum, güzəştli qiymətlərlə gübrə alqı-satqısı da elektron sistem üzərindən gerçəkləşdiriləcək. Bundan başqa fermerlər yeni sistem vasitəsilə evdən ayrılmadan aqrar sahənin istənilən istiqamətinə dair xidməti elektron qaydada sifariş etmək imkanı qazanacaqlar.

Avqustun sonlarına kimi EKTİS-də qeydiyyatdan keçmiş fermerlərin sayı 335 230 nəfər təşkil edib. Ümumilikdə yeni sistemdə 335 756 təsərrüfat qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Report”a bildirib ki, hazırda EKTİS-də aqrar fəaliyyətlə məşğul olan hüquqi şəxslərin də qeydiyyatı aparılır: “Artıq 85 hüquqi şəxs yeni sistemdə qeydiyyat prosedurunu tamamlayıb, sentyabrın sonlarına kimi aqrar sektorda çalışan bütün hüquqi şəxslərin qeydiyyatının tamamlanacağını gözləyirik. Əksər rayonlar üzrə fermerlərin 90 faizdən çoxu aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Sabirabad, Xaçmaz, Bərdə, Cəlilabad, Şəki, Tovuz, İmişli və Saatlıda yeni sistemdə qeydiyyatdan keçən fermerlərin sayı 10 mindən artıqdır. Bundan başqa Sabirabad, Xaçmaz, Saatlı, Ağstafa, Salyan, Zaqatala, Füzuli, İsmayıllı, Samux, Tərtər, Qəbələ, Oğuz və digər rayonlarda qeydiyyatdan keçən fermərin sayı ümumi fermerlərin ən azı 90 faizini təşkil edir. Yəni bu rayonlarda EKTİS-də qeydiyyat prosesi demək olar ki yekun mərhələyə qədəm qoyub. Aqrar sahədə çalışanların əksəriyyəti EKTİS-də torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı əsasında qeydiyyatdan keçir, bundan başqa sistemə Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, icarə sənədi, etibarnamə, vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyata düşənlər də var.

Vüqar Hüseynov

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov

"İlin sonuna kimi qeydiyyat prosesini tam yekunlaşdırmağı nəzərdə tuturuq".

Növbəti mərhələlərdə təchizatçı şirkətlərin, toxumçuluq təsərrüfatlarının da EKTİS-də qeydiyyatı nəzərdə tutulur. İlin sonuna kimi qeydiyyat prosesini tam yekunlaşdırmağı nəzərdə tuturuq. EKTİS aqrar sadə tətbiq olunan müasir innovasiya layihəsidir, bu layihə xidmətləri fermerin ayağına gətirir. Fermerlərimiz sistemə daxil olaraq baytarlıq xidməti, fitosanitar xidmət sifariş edə, toxum ala, kredit sifariş edə biləcəklər. Yeni sistemdə istifadə oluna biləcək xidmətlərin sayı çoxdur. Bu səbəbdən fermerlər aqrar sahəyə dövlət dəstəyindən və aqrar xidmətlərdən yararlanmaq istəyirsə, EKTİS-də qeydiyyatdan keçməlidir”.

V. Hüseynov EKTİS-in tətbiqi üçün həyata keçirilən maarifləndirmə tədbirləri barədə də danışıb: “Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqinə ilk mərhələdə pilot olaraq seçilmiş Quba və Şəki rayonlarından başlayıb. Maarifləndirmə işlərinə cəlb olunacaq könüllülər, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin əməkdaşları, yerli icra nümayəndələri üçün mütəmadi təlimlər keçirilib. Təlimləri başa vuran könüllülər və əməkdaşlarımız yerlərdə fermerləri həm yeni sistemin xüsusiyyətləri barədə məlumatlandırıb, həm də onlara öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməyə köməklik göstəriblər. Bundan başqa DAİM-lərdə və ASAN Xidmət mərkəzlərində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, fermerlər bu pəncərələrə yaxınlaşaraq, yeni sistemdən qeydiyyatdan keçirlər. Nazirlik tərəfindən EKTİS-in mahiyyətini özündə əks etdirən çoxlu çap materialları hazırlanaraq fermerlərə paylanıb. Nəticə etibarilə aparılan maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq bu gün 300 mindən artıq fermer yeni sistemdə özünə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları daxil edib. Maarifləndirmə işləri bu gün də davam edir, bu işdə Aqrar İnkişaf Könüllüləri fermerlərə daha aktiv köməklik göstərirlər.

Bu sistem, Azərbaycanda aqrar sahənin elektron bazasının yaradılması istiqamətində bir ilkdir, geniş hədəfləri olan innovativ təşəbbüsdür. Bu təşəbbüsün uğurla nəticələnməsi təbii ki, məqsədlərimizi daha geniş auditoriyalara çatdırmaq asılıdır. Bu baxımdan auditoriyanın məlumatlandırılması üçün bütün mümkün vasitələr EKTİS-in təbliği prosesinə cvəlb olunub. Telekanallar maarifləndirmə və qeydiyyat prosesini geniş işıqlandırır, sosial şəbəkələrin imkanlarından maarifləndirmə məqsədilə maksimum istifadə olunur, onlayn media bu prosesə maraq göstərməklə kənd təsərrüfatının elektronlaşdırılması işinin daha geniş kütlələrə çatdırılmasında yardımçı olur. Maarifləndirici postların, buklet və broşürlərin hazırlanması, elektron KİV-i prosesə cəlb etməklə mümkün qədər geniş auditoriyaya xitab etdiyimizi düşünürük”.

Şöbə müdirinin sözlərinə görə, elektron satışların həyata keçirilməsi ümumi bazarın mənzərəsini fermerlərin lehinə dəyişəcək:

“Fermerlər hər il əkəcəkləri məhsulu sistemdə bəyan edəcəklər, bu isə bizə daha dəqiq aqrodatalar toplamaq imkanı verəcək. Bu dataların təhlili bazardakı tələb-təklif balansını müəyyənləşdirməyə və fermerlərə müvafiq tövsiyələr verməyə şərait yaradacaq. Müasir fermerlər becərmə prosesi ilə yanaşı, satış və marketinq vərdişlərinə də yiyələnməlidir. Bu vərdişlər olmadan, daxili və xarici bazarlardakı trendləri bilmədən aqrar sahədə uğur qazanmaq çətindir. Bu mənada fermerlərə verəcəyimiz tövsiyələr, onların təlimlərə cəlb olunması, öz məhsullarının satış imkanlarını artırmaq imkanı yaradacaq. Fermerlər üçün əlavə satış platformalarının təqdim olunması, xüsusilə elektron satışların həyata keçirilməsi bazarın mənzərəsini yaxşı mənada, fermerlərin lehinə dəyişə bilər. Məqsəd hər formada fermerin yanında olmaq, ona xidmət göstərməkdir. EKTİS-in fəlsəfəsi də buna əsaslanır, bu sistem Kənd Təsərrüfat Nazirliyinin öz fəaliyyətində əsaslandığı – fermerlərə yaxın olmaq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini özündə ehtiva edən mükəmməl bir innovatov təşəbbüsdür”.

report

Новости