“Rabitəbank”ın problemli kreditləri 50%-dən çox artıb

30 Октябрь 2019
20:27
307

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Rabitəbank”ın aktivləri 260 milyon 452 min manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Son 1 ildə bankın öhdəlikləri 3,5% azalaraq 203 milyon 492 min manat olsa da, müştərilərin müddətli depozitləri 24,5% artaraq 137 milyon 947 min manata çatıb. Bankın məcmu kapitalı isə 6,5% artaraq 55 milyon 234 manat olub.

Problemli kreditləri 50%-dən çox artıb

9 ayın yekunlarına görə, “Rabitəbank”ın kredit portfeli təxminən 28,1% artaraq 199 milyon 771 min manata çatıb. Bunun da 4,3%-ni və yaxud 8,67 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Xatırladaq ki, ötən il bu göstərici 5,76 milyon manat olub. Beləliklə, son 1 ildə “Rabitəbank”ın problemli kreditləri 50,6% çox artıb. Bununla belə, nisbi olaraq problemli portfel ölkə üzrə göstəricidən (5,4%) aşağıdır.

Kreditlərin yarısını Bakıda verib

Bank ölkənin bütün şəhər və rayonlarında yaşayanlara kredit ayırsa da, ümumi portfeldə Bakının payı 55,6% və yaxud 111 milyon 66 min manatdır. Bunun 2,9%-nin geri qaytarılmasında problem yaranıb. Digər əsas bölgələrə gəlincə isə, “Rabitəbank” Sumqayıtda 14,76 milyon manat, Gəncədə 10,7 milyon manat, Ağcabədidə 10,2 milyon manat, Xaçmazda 8,9 milyon manat, Şəmkirdə 6,4 milyon manat, Lənkəranda isə 5,25 milyon manat kredit verib. Bankın ən az kredit ayırdığı regionlar isə Şabran və Şuşa olub – bu bölgələrin hər birinə min manat borc verilib. Daşkəsən rayonunda yaşayanlara isə “Rabitəbank” ümumiyyətlə kredit verməyib.

Bəzi bölgələrdə kredit qaytarmağı sevmirlər

Əksər şəhər və rayonlarda kredit ödənişləri normal olsa da, 18 bölgədə problemli kreditlər olub. Bu baxımdan ən ciddi problem Lerik və Biləsuvarda olub. Bu rayonlarda yaşayanlar bankdan aldıqları kreditin 93%-dən çoxunu vaxtında qaytarmayıblar. Beyləqan rayonunda isə bu göstərici 62%-ə yaxın olub.

3 milyon manatdan çox mənfəəti olub

Son 1 ildə “Rabitəbank”ın faiz gəlirləri 22,9% artaraq 35 milyon 115 manat, qeyri-faiz gəlirləri 20,8% artaraq 5 milyon 170 min manat, faiz xərcləri 22,4% artaraq 9 milyon 269 min manat, qeyri-faiz xərcləri isə 9,5% artaraq 1 milyon 656 min manat təşkil edib. Bundan başqa, inzibati xərcləri 8 milyon 838 min manat (40% artım), ehtiyatların yaradılmasına isə 18 milyon 271 min manat (5,5 dəfə artım) yönəldilib. Beləliklə, bank 3 milyon 249 min manat təmiz mənfəət əldə edib.

Новости