AİB Azərbaycanda istiqraz buraxmaq istəyir

30 Октябрь 2019
20:28
290

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. Komitədən fins.az-a verilən məlumata görə, görüşdə QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın kapital bazarındakı vəziyyət, bu sahədə son illər qeydə alınmış artım barədə məlumat verib. O, ölkə prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində əhəmiyyətli nəticələr əldə olunduğunu və proqramın icrası üçün beynəlxalq maliyyə təsisatları ilə birgə layihələrin həyata keçirildiyini vurğulayıb.

Sədr həmçinin yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətli kağızlar bazarı üzrə yeni qanun layihəsinin hazırlandığını bildirib. Bundan başqa, R.Aslanlı rəhbərlik etdiyi komitənin beynəlxalq təcrübədən geniş şəkildə faydalandığını dilə gətirərək Azərbaycanın kapital bazarlarında ticarət və post-ticarət infrastrukturunu inkişaf etdirilməsi, eləcə də yerli bazarda informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya Birjası ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.

AİB nümayəndə heyətinin rəhbəri Pier Van Peteghemin isə bildirib ki, Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişaf tendensiyasını təmsil etdiyi təşkilat diqqətlə izləyir və Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yeni töhfə vermək istəyir. O, AİB-in yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verdiyini xüsusi olaraq qeyd edib.

Новости