Azərbaycanda qohumlara pul göndərmək asanlaşdı

30 Октябрь 2019
21:00
292

Azərbaycanda yeni pul köçürmə sistemi işə düşüb. Fins.az-ın məlumatına görə, "Bank Respublika" ölkədaxili pul köçürmələri üçün yeni və innovativ "VEKTOR" pulköçürmə sistemini işə salıb. Bankın məlumatına görə, “Vektor” pulköçürmə sistemi "e-Manat" terminallarının geniş şəbəkəsi vasitəsilə Bakı və ölkə üzrə 20 şəhərə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir. Göndərilən məbləği isə" Bank Respublika"nın filiallarında almaq mümkündür.

Bankın İdarə Heyəti Sədrinin müavini Aslan Abbasov bildirib ki, yeni məhsul müştərilərin tələbatını nəzərə alaraq yaradılıb: «Məlumdur ki, pul köçürmələrini əksər hallarda maddi dəstək və qohum-əqrabanın nağd pula ehtiyacı yarandıqda həyata keçirilir. Buna görə hesab edirik ki, istehlakçı üçün başlıca kriteriya asanlıq və operativlikdir”.

Köçürmə əməliyyatının proseduru çox sadədir. Məsələn, Gəncədə yaşayan bir qohuma 1000 manat göndərmək lazımdır. Bunun üçün "e-Manat" terminalının ekranında “Banklar və Sığorta” / “Bank Respublika” bölməsinə daxil olub oradan “Vektor” sistemi seçilir.

Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A göstərib vəsaiti e-Manat terminalına daxil etmək kifayətdir. Pulköçürmə əməliyyatı yerinə yetirildikdən sonra müştəriyə ID nömrəli çek verilir. Həmin nömrəni təqdim etməklə, Bank Respublika-nın uyğun filialından göndərilən vəsaiti almaq mümkündür. “Vektor” sistemi üzrə pul köçürmələri yalnız ölkə daxilində və manatla həyata keçirilir. Bir tranzaksiya üzrə köçürmənin maksimal məbləği 3000 AZN təşkil edir.

Новости