«Maliyyə sıxıntıları yaşayırıq» – ƏMANƏTİ QAYTARMAYAN BANK

30 Октябрь 2019
21:00
301

“United Credit Bank”da əmanəti olan şəxslərin pulunu geri götürməsi ilə bağlı problem hələ də həllini tapmayıb. Bu barədə fins.az-a əmanətçilər məlumat verib. Şikayətçilərin sözlərinə görə, bu ilin fevral ayında baş vermiş devalvasiyadan sonra onlarla insan bankdan pulunu ala bilmir. “Mənim “United Credit Bank”da manatla əmanətim var idi, dollar bahalaşandan sonra pulumu çıxarıb xarici valyutaya çevirdim, 23 min dollar düzəldib yenidən həmin banka qoydum. Bu yaxınlarda xaricə müalicə üçün getməli idim, amma pulumu bankdan götürə bilmədim, vermədilər. Bu günə qədər də ala bilmirəm” – deyə əmanətçilərdən biri bildirib.

Hesablarına həbs qoyulmuşdu

“United Credit Bank”ın əmanətçilərlə bağlı problem yaşaması barədə mətbuatda ilk dəfə bu ilin may-iyun aylarında məlumat yayılıb. O vaxt bank rəsmiləri bildirmişdi ki, məhkəmə çəkişməsi ilə əlaqədar qurumun həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulub. Buna görə də, əmanətçilərin pulunu verə bilmirlər. Bu ilin avqust ayından isə Azərbaycan Mərkəzi Bankı (AMB) “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib. Amma nə kredit təşkilatı, nə də AMB bu qərarın səbəbi barədə heç bir açıqlama verməyib.

“Əmanətçilərə 2 milyon borcumuz var”

“United Credit Bank”dan fins.az-a verilən məlumata görə, əmanətçilərin pulunun qaytarılmaması bankın maliyyə sıxıntısı yaşaması ilə bağlıdır: “Devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin ödənilməsində problemlər yarandı, buna görə də əmanətləri qaytara bilmirik. Bankın bağlanacağına dair yayılmış söz-söhbətin heç bir əsası yoxdur, tezliklə vəziyyəti düzəldib əmanətçilərin pulunu verəcəyik. Əmanətçilərə təxminən 2 milyon manat borcumuz var, bu elə də böyük məbləğ deyil”.

«Təkcə Masallıdakı bazarı satsaq ...»

Bank əməkdaşının sözlərinə görə, «United Credit Bank»ın ayırdığı kreditlərin əksəriyyətinin girov təminatı var. Və qaytarılmayan kreditlər üzrə həmin girovlar artıq müsadirə edilib: «Məsələn, bizdən kredit götürmüş adamlardan biri Masallı rayonunun mərkəzindəki böyük bazarı girov qoymuşdu. Həmin bazar artıq bizim nəzarətimizdədir və satışa qoymuşuq. 3-4 milyon qiyməti var. Təkcə onu satsaq bütün əmanətçilərinin pulunu verə bilərik».

«Əmanətləri qaytarmaq üçün Mərkəzi Bankdan borc ala bilərik»

Bankdan bildirilib ki, əmanətlərin qaytarılması üçün Azərbaycan Mərkəzi Bankı ilə də danışıqlar aparılır: «Camaatın pulunu vermək üçün onlardan da vəsait cəlb edə bilərik. Yəgin ki, ilin sonuna qədər bu problem həll olunacaq».

Новости