"Səndə bu qədər pul hardandır?" - 500 dollarlıq həddin səbəbi

30 Октябрь 2019
21:08
161

Azərbaycanda 500 dollardan artıq valyuta əməliyyatlarının şəxsiyyət vəsiqəsi əsasında aparılması 2 məqsəd daşıya bilər. Bu barədə fins.az-a bank sektorundakı mütəxəssislər bildirib.

Psixoloji təsir

Onların sözlərinə görə, hədəflərdən biri psixoloji olaraq insanları nağd valyuta almaqdan çəkindirmək və bununla da dollara tələbatı azaltmaq ola bilər: “Təbii ki, insanlar bilsələr ki, onların böyük məbləğdə dollar alması qeydə alınır, məlumatları kimlərinsə əlinə keçir, bundan narahatlıq hissi keçirəcəklər və çalışacaqlar ki, bacardıqca az valyuta alsınlar, dollar almaqları gözə görünməsin”.

Müştəriləri araşdırmaq imkanı

2-ci məqsəd isə kütləvi şəkildə valyuta alanlarla bağlı araşdırma aparmaq ola bilər: “Əgər kimlərsə böyük məbləğdə dollar alırsa, bu, araşdırıla bilər. Yəni ki, əlində böyük həcmdə pul kütləsi olanlar kimdir, bu pulu necə qazanıblar, aylıq gəlirlərimə uyğundurmu, valyutanı hansı məqsədlə alırlar, yəgin ki, bütün bu məsələlər araşdırılacaq”.

Xatırladaq ki, Azərbaycanda nağd xarici valyuta əməliyyatlarına nəzarət gücləndirilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib. Qərarın gətirdiyi əsas yeniliklərdən biri 500 dollardan artıq əməliyyat aparmaq üçün şəxsiyyət vəsiqəsinin tələb edilməsidir.

Новости