2015-ci ilin yekununa görə, “Dəmirbank”ın aktivləri 588,9 milyon manat təşkil edib. Bankdan fins.az-a verilən məlumata görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 40,1% çoxdur.
Kreditlərin yarısını fiziki şəxslərə verib
İl ərzində bankın kredit portfeli 34,3% artaraq 428,1 milyon manat olub. Kredit portfelinin 51,4%-ni və yaxud 220,1 milyon manatlıq hissəsini fiziki şəxslərə verilən istehlak kreditləri təşkil edib. Bu növ kreditlərin məbləği 2015-ci ildə 23,9% artıb.
Bankın verdiyi avtomobil kreditləri isə 5,8 milyon manatdan bir qədər çox olub. Son 1 ildə bu sahədə 7,6% artım qeydə alınıb.
Həm dövlət xətti ilə, həm də öz hesabına ipoteka verib
2016-cı ilin əvvəlinə “Dəmirbank”ın ipoteka kreditləri portfeli isə 50,7 milyon manat təşkil edib. Bu, 2015-ci ilin əvvəlinə nisbətən 3,6% çoxdur. İpoteka kreditlərinin 43 milyon manatı Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun, qalanı 7,7 milyon manatı isə bankın daxili ipoteka proqramı çərçivəsində verilib.
Devalvasiya əmanət portfelini “şişirdib”
2015-ci ilin yekununda bankın depozit portfeli isə 239,2 milyon manat olub. Bu isə 2014-cü ilin yekunu ilə müqayisədə 21,3% çoxdur. Depozit portfelinin 19,2%-ni və yaxud 193,2 milyon manatını əhalinin əmanətləri təşkil edib. Əvvəlki ilə nisbətən əmanətlər 10,2% artıb. Bu isə çox güman ki, devalvasiya nəticəsində dollar əmanətlərinin manatla ifadədə dəyərinin artması hesabına olub.
“Dəmirbank” vaxtı keçmiş kreditləri, gəlir və xərcləri, mənfəəti, dövlət büdcəsinə ödədiyi vergilər barədə məlumatları açıqlamayıb.
"Dəmirbank"ın hesabatı ilə buradan tanış ola bilərsiniz.