Azərbaycanda, imkanlı şəxsləri ən çox narahat edən məsələlərdən biri onların var-dövləti, pulu barədə məlumatların yayılmasıdır. Pulu hansı üsullu qazanmalarından asılı olmayaraq, varlı şəxslər artıq adamların, hətta yaxın qohumlarının da bu barədə bilməsini qətiyyən istəmirlər.
«Diqqət mərkəzində» olmağın təhlükəsi
Bəziləri bununla diqqəti cəlb edəcəklərindən ehtiyatlanır, digərləri borc və kömək müraciətlərindən yaxa qurtarmaq istəyir, bir sıra şəxslər isə gəlir mənbələrinin məlum olacaqlarından narahat olurlar. Bəzi hallarda narahatlıqlar doğrudan da əsaslı olur – kiminsə böyük məbləğdə pulunun olması kriminal dairələrin diqqətini cəlb edə, həmin şəxs müxtəlif üsullarla şantaj oluna bilər. Başqa sözlə, imkanlı şəxslərin bu narahatlığı başa düşüləndir. Amma istənilən halda bu məlumatı gizli saxlamaq asan deyil – hətta sirir saxlayacaqlarına söz verən banklarda da.
Pulu bankda «gizlətmək» olarmı?
Bəziləri pullarını etibarlı saxlamaq üçün bankları seçirlər. Bəli, bəli məhz etibarlı və toxunulmaz saxlamaq. Doğrudan da bank əmanətçilərinin bir hissəsi pulu banka qoyarkən, faiz götürməkdən çox, etibarlı qorunmasını fikirləşirlər. Ölkədəki maliyyə böhranına baxmayaraq, banklar soyğun və qarət riskinə qarşı təhlükəsizdir. Hər halda son illər bu barədə məlumatlar demək olar ki, yayılmır. Son vaxtlar baş verən kiçik cəhdlərin (http://fins.az/bank/895454/Bakida_banka_basqin_edildi.html) qarşısı isə dərhal alınır. Amma bəzən sərvət barədə məlumatlar məhz bankdan sıza bilər. Fins.az-ın məlumatına görə, adətən belə hallar bank işçisi əmanətçinin tanışı, qonşusu və yaxud qohumu olduqda baş verir. Əgər nəzərə alsaq ki, Azərbaycan kiçik ölkədir və hər yerdə tanış, qohum-əqrəba ilə rastlaşma bilərik, o halda bank sirrinin qorunması imkanları daralır.
Xoşagəlməz təsadüf
Təsəvvür edin ki, böyük məbləğdə pulu və ya qiymətli əşyaları banka qoymaq istəyirsiniz. Amma bankda məlum olur ki, sizdən pulu qəbul edən, ya da əmanəti rəsmiləşdirən bank işçisinin qonşunuz və yaxud qohumunuz, bir sözlə sizi tanıyan adamdır. Ola bilməz ki, bu cür vəziyyət kimisə narahat etməsin. Çünki, artıq ətrafınızda sirrinizi bilən kimsə var və onu bu barədə digər şəxslərə, ailəsinə, dostlarına, digər qohumlara, ya da sadəcə təsadüfi adamlara danışa bilər. Bu isə yuxarıda deyildiyi kimi, xoşagəlməz vəziyyət yarada bilər. Bankda pulunuzun olduğunu bilənlər, bundan sizə qarşı istifadə edə, hansısa məbləği “qoparmağa” çalışa bilərlər. Burada söhbət bank sirrinin qanunsuz açıqlanmasından və bunun nəticəsində yayılmasından gedir.
Bank sirri qanunla qorunur, amma…
Belə məlumatların yayılması bank sirrinin açılması deməkdir. Bu isə cinayət sayılır. Azərbaycanda bank sirrinin qorunması İnzibati Xətalar və Cinayət Məcəllələri ilə tənzimlənir. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsində kommersiya və ya bank sirrinin təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsinə və ya yayılmasına görə məsuliyyət nəzərdə tutulur. Bu məlumatları yayan fiziki şəxslər 20-25 manat, vəzifəli şəxslər 40-55 manat, hüquqi şəxslər 150-200 manat cərimə edilir. Göründüyü kimi, əslində böyük cərimələr deyil, yəni ciddi məbləğlərlə «əməliyyat aparmaq» istəyənləri saxlamayacaq. Amma burada söhbət 7 min manata qədər olan məbləğ barədə məlumatdan gedir. Əgər məbləğ 7 min manatı keçirsə, artıq Cinayət Məcəlləsi işə düşür. Bu Məcəllənin 202-ci maddəsinə əsasən, bank sirrini yayanlar ya 100-500 manat cərimə ödəməli, ya 1 ilə qədər islah işlərinə cəlb olunmalı, ya da 2 ilə qədər azadlıqdan məhrum edilməlidir. Əgər məlumatın yayılması kiməsə ziyan vurubsa, bu halda cəza tədbirləri sərtləşir. Cinayətkarı ya 500-1000 manat cərimə, ya 2 ilə qədər islah işləri, ya da 6 aya qədər azadlıqdan məhrumetmə gözləyir.
Bank ciddi qurumdur, amma onun işçiləri var...
Əslində banklara İnzibati Xatalar və ya Cinayət Məcəlləsini xatırlatmaq artıqdır. Bunlarsız da bütün kommersiya bankları müştərilərinin bank sirrini qoruyacaqlarına təminat verilər. Bu – banka inamın bünövrəsi sayılır. Ona görə də banklar bir təşkilat və hüquqi şəxs olaraq sirin qorunmasını təmin edirlər. Məsələn, əmanətçilərin kimliyi, banka qoyduğu pul barədə məlumatları ictimailəşdirməsi mümkün deyil. Bankda işləyən fiziki şəxslər barədə isə bunu demək çətindir. Doğrudur, onlar da bank sirrinin yayılmamasınən vacibliyini bilirlər, amma heç kim zəmanət verə bilə bilməz ki, bank məlumatları yayılmayacaq. Sayı onlarla, yüzlərlə ölçülən bank işçilərinin hamısına gecə-güzdüz nəzarət olunmur və sirri yayılması ehtimalı həmişə var. Bu ehtimalı sadəcə minimum həddə endirmək olar.
«Yazılı iltizam verə bilərik»
Məsələn, «Bank Standard»ın hüquqşünası Arif Məmmədov deyir ki, əgər bank əmanət qoyan adam orada tanışının və yaxud qohumunun işlədiyini görürsə, bundan narahat olursa, filial rəhbərinə bu barədə məlumat verə bilər: «Filialın müdiri onu başqa filiala, baş ofisə yönəldə də bilər ki, əmanətini yerləşdirsin. Ya da həm o tanış-qohum işçi, həm də filial rəhbəri öz dilindən yazılı iltizam da verə bilər ki, bu sirr yayılmayacaq. Yəni, xoşagəlməz hal olsa bunun məsuliyyətini daşımağa hazırıq».
«İşçi buna görə həbsə düşə bilər»
Bununla belə, onun sözlərinə görə, indiyə qədər təmsil etdiyi bankda belə bir hal baş verməyib: «Hansısa işçinin müştərinin sirrini yayması inandırıcı deyil. Çünki işçilər hamısı bank sirrinin yayılmasına görə cəzanın olduğunu yaxşı bilirlər. O, buna görə təkcə işini itirmir, həm də cərimə ödəyir, həbsə düşür. Bütün bu məsələlər əməkdaş işə qəbul olunanda ona izah olunur, odur ki, narahatlığa ehtiyac yoxdur».
«İşçinin bankda gördükləri burada qalmalıdır»
«Bank VTB (Azərbaycan)»ın şöbə rəisi Rasim Xammədov da əmin edir ki, təmsil etdiyi bank müştərilərinin sirrini qoruyur. Bununla belə, bu sirrin yayılacağını da istisna etmir: «Əlbəttə, işçi ilə əmək müqaviləsi bağlanır və bu müqavilədə bank sirri məsələsi də öz əksini tapır. Bütün əməkdaşlarımız bilir ki, bankda gördükləri burada qalmalıdır, buna görə məsuliyyət daşıyırlar. Amma yenə də insandır, tam əmin deyilik ki, o, hansısa sirri yaymayacaq. Hər halda çalışırıq ki, bu ehtimalı minimuma endirək».
«Sirri yaymaq istəyən bunu edəcək»
Rasim Məmmədovun sözlərinə görə, «Bank VTB (Azərbaycan)»da məlumatının yayılmasından narahat olan müştəriyə tanış və yaxud qohum bank işçisinin adından yazılı iltizam vermək ənənəsi yoxdur: «Əgər kimsə sirri yayacaqsa, onsuz da müəyyən hüquqi aktları, bankla bağladığı müqavilənin şərtlərini pozmuş olur. Bu baxımdam iltizam verməyin heç bir əhəmiyyəti yoxdur və bunu etmirik. Yəni, insan kiminsə banka əmanət qoyması barədə orada-burada danışacaqsa, qanunvericilik, müqavilə onun qarşısını istənilən halda ala bilmir».