Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank müştərilərinin əksəriyyətinin kreditini normal ödəməməsi onlara zamin durmuş şəxslərə problemlər yaratmağa başlayıb. Fins.az-ın məlumatına görə, borclulardan pulunu vaxtında ala bilməyən banklar kreditin qaytarılmasını dərhal zaminlərdən tələb edirlər. Mütəxəssislər isə deyir ki, əgər kimsə bankda başqasına zamin durubsa borcun ödənilməməsinə görə məsuliyyət daşıyır, amma bu məsələdə də müəyyən məqamlar var. Yəni bank dərhal zamini axtarmamalıdır…
Zaminliyin fərqli formaları varmış
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunla zamin durmağın 2 forması mövcuddur: Birgə zaminlik və əlavə zaminlik. 1-ci halda zamin kreditin qaytarılmasına görə borclu ilə paralel məsuliyyət daşıyır. Yəni, kredit ödənilməsə bank həm borcludan, həm də zamindən eyni vaxtda pulu tələb edə, onları məhkəməyə verə bilər.
Zamini narahat etmək olmaz
Əlavə zaminlikdə isə vəziyyət fərqlidir. Bank ilk növbədə borclunu məhkəməyə verməli, borcun qaytarılması ilə bağlı qərarın çıxarılmasına nail olmalı və icra məmuru vasitəsi ilə borcu tələb etməlidir. Əgər borcalan imkanı ola-ola borcu ödəmirsə, o halda bank zamindən pulu tələb edə bilməz. Zamin yalnız o vaxt krediti qaytarmalıdır ki, borclunun ödəniş qabiliyyəti olmasın. Əks təqdirdə, bankın zamindən nə isə istəməyə hüququ yoxdur və pulu elə borcludan tələb etməlidir: «Əgər bank lap borclunu tapa bilməsə belə, onu zamin tapıb banka göstərməli deyil. Çünki söhbət əlavə məsuliyyətdən gedir».
«Banklar bunu zaminə demirlər»
Əkrəm Həsənov deyir ki, zaminlər zaminliyin forması ilə bağlı bəri başdan seçim etməli və bunun kredit müqaviləsində qeyd olunmasına çalışmalıdırlar. Yalnız bu yolla məsuliyyəti minimim həddə endirmək olar. Azərbaycan təcrübəsində müqavilələrin 99%-də zaminlər birgə məsuliyyətə imza atırlar: «Zaminliyin forması barədə vətəndaşların çoxunun məlumatı yoxdur. Bankda isə kredit müqaviləsi imzalananda zaminə demirlər ki, sənin belə bir hüququn var. Çünki banklar birgə zaminlikdə maraqlıdır. Son nəticədə müqavilələrin demək olar ki, heç birində əlavə zaminlik yoxdur».
1 ildən sonra zaminlik qüvvədən düşür
Əksər Həsənovun sözlərinə görə, son vaxtlar müştərilərindən dollar kreditlərini vaxtına ala bilməyən banklar kredit müqaviləsinin müddətini artırırlar. Bu isə avtomatik olaraq zaminliyin qüvvədən düşməsi deməkdir: «Vətəndaş konkret müddət üzrə zamin durub. Əgər müqavilə zaminin xəbər olmadan dəyişdirilirsə, müddət artırılırsa, bu, o deməkdir ki, artıq zamin məsuliyyətdən yaxa qurtarır». Bundan başqa, hüquqşünas deyir ki, borcun ödənilməməsinə görə, borclu 3 il ərzində məhkəməyə verilə bilərsə, zaminlər üçün bu müddət 1 ildir. Müqavilənin müddətinin bitməsindən 1 ildən çox vaxt keçibsə, artıq zamindən məhkəmə yolu ilə heç nə tələb edilə bilməz.