Bakı Apelyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan”ın Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Fins.az-ın məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, “Bank of Azerbaijan”ın apellyasiya şikayəti qeyri-mümkün hesab edilib.
Xatırladaq ki, AMB “Bank of Azerbaijan”ı məhkəməyə verib. Qurum bankın iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan”ın səhmdarlarının nümayəndəsi apellyasiya şikayəti verib.
Bu ilin yanvar ayında AMB-nin İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan”ın bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib.
Mənbə: "Report"