Azərbaycanda neftin ucuzlaşması ilə bağlı yaranmış iqtisadi çətinliklər bank sektoruna təsir etsə də, “Kapital Bank” böhranın öhdəsindən gəlməyi bacarıb. Fins.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açıqlama verib.
Onun sözlərinə görə, bu, bankın sərmayəsinin kifayət qədər böyük olması ilə bağlıdır: “2015-ci ilin sonuna bankın cəmi kapitalı 286,8 milyon manatdır. Bu məbləğ Mərkəzi Bankın kapital tələbindən ən azı 5 dəfə çoxdur. “Kapital Bank”ın kifayət qədər kapital ehtiyatına malik olması məşhur “Moody’s” beynəlxalq reytinq agentliyinin son hesabatında da qeyd olunub. 1 yanvar 2016-cı il tarixinə Bankın kapital adekvatlığı əmsalı 19,5%; likvidlik əmsalı 194% təşkil edib və bu da Mərkəzi Bankın tələbindən 6,5 dəfə çoxdur”.
Bank rəhbəri həmçinin bildirib ki, “Moody’s Investor Service” beynəlxalq agentliyi yerli kommersiya bankları arasında ən yüksək reytinqi məhz “Kapital Bank”a təqdim edib: “Beynəlxalq agentlik “Kapital Bank” ASC-nin hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb”.