Əksər sahələrdə kreditləşmə zəifləyib

30 Октябрь 2019
21:36
207

Bu ilin fevral ayının yekununa görə, Azərbaycanın bank və bank olmayan kredit təşkilatları 20 milyard 327,4 milyon manat kredit verib. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1 milyard 403 milyon manat və yaxud 6,5% azdır. Qurumun açıqladığı məlumatlar göstərir ki, ilin ilk 2 ayında iqtisadiyyatın nəqliyyat və rabitə sektoru istisna olmaqla qalan bütün sahələrdə kredit qoyuluşu azalıb.

Məsələn, ticarət və xidmət sektoru üzrə kredit portfeli 2 milyard 857,1 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin sonuna nisbətən 300,9 milyon manat və yaxud 4,7% azdır. Bu sahədə çalışanların kreditləşmədə payı isə 14,5%-dən 14,1%-ə düşüb.

Cəmi 1,5% paya malik energetika, kimya və təbii ehtiyatlar sektorunun da kreditləşməsində azalma baş verib. Bu sahədə çalışanlar 299,2 milyon manat kredit alıblar. Bu da 2 ay əvvəllə müqayisədə 17,3 milyon manat və yaxud 5,5% azdır.

Kənd təsərrüfatı və emal sahəsində isə kredit qoyuluşu 14,7% və yaxud 69,6 milyon manat azalıb. Bu sektorda kreditləşmə 438,5 milyon manat təşkil edib. Fermerlər bütün kreditlərin 2,2%-ni alıblar. İlin əvvəlində bu nisbət 2,3% olub.

İnşaat və əmlak sektoruna kredit qoyuluşunda da azalma cüzi olub – cəmi 6,8 milyon manat və yaxud 0,2%. Bina tikintisi ilə məşğul olanlar kredit təşkilatlarından 3 milyard 56,4 milyon manat kredit götürüblər. Bununla belə, onlar kreditləşmədə paylarını 14,1%-dən 15%-ə çatdırıblar.

Sənaye və istehsal sektoruna isə 1 milyard 723,1 milyon manat kredit verilib. Bu sahədə kredit portfeli 225,2 milyon manat və 11,6% kiçilib. Sənaye məhsullarının istehsalçıları kreditləşmədə 8,5%-lik payla təmsil olunub. Ötən ilin sonunda bu nisbət 8,9% olub.

Fiziki şəxslərə verilən istehlak kreditlərinin də məbləği azalıb. Fevralın sonunda ev təsərrüfatları 7 milyard 739,7 milyon manat kredit alıb. Bu, ilin əvvəli ilə müqayisədə 643,9 milyon manat və yaxud 7,7% azdır. İstehlak kreditləşmənin ümumi portfeldə payı isə 38,6%-dən 38,1%-ə düşüb.

Əvəzində nəqliyyat və rabitə sektorunda kredit qoyuluşu 71,8 milyon manat və yaxud 4,9% artaraq 1 milyard 537,4 milyon manat təşkil edib. Bu sahənin kreditləşmədə payı isə 6,7%-dən 7,6%-ə yüksəlib

Новости