“Gəncəbank”ın kreditorları açıqlandı – İCLAS KEÇİRİLƏCƏK

30 Октябрь 2019
23:20
137

“Gəncəbank” ASC-nin Kreditorlar Komitəsi yaradılıb. Fins.az xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan “Gəncəbank”ASC-nin Kreditorlar Komitəsinin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna (ADİF) həvalə olunub.

Məhkəmə həmçinin “Gəncəbank”ASC-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edib.

Bu arada ADIF ləğvedicisi olduğu “Gəncəbank” ASC-də yaradılan Kreditorlar Komitəsinin üzvlərinin siyahısını açıqlayıb. Fonddan verilən məlumata görə, siyahıda 2 sığorta şirkətinin - “Atəşgah Həyat Sığorta” və “Başak İnam Sığorta” ASC-lərin, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF), “Azərbaycan İpoteka Fondu” ASC-nin, Azərbaycan Mərkəzi Bankının, Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Regional Mühafizə İdarəsinin də adları var.

Qeyd edək ki, “Gəncəbank”ın Kreditorlar Komitəsinin ilk iclası mayın 5-də, saat 15:00-da Bankın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən inzibati binasında keçiriləcək. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

Новости