Prezident ərəblərlə görüşdü

01 Ноябрь 2019
22:51
30

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, görüşdə dövlət başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. O, bu səfərin səmərəli olacağına əminliyini bildirib.

Tofiq Bin Fauzan Ər-Rəbiə isə bəyan edib ki, iki ölkə arasında güclü münasibətlər və qarşılıqlı hörmət olsa da, ticarət əlaqələrin qənaətbəxş deyil. O, Səudiyyə Ərəbistanının Azərbaycanda genişmiqyaslı işlər görmək istədiyini də qeyd edib.

Ərəb nümayəndə heyəti “Bakı Ağ Şəhər”də olub, burada görülmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olub. Qonaqlara layihə barədə ətraflı məlumat verilib. Onlar həmçinin Füzuli küçəsində sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olublar. Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkı və “Greentech” İstixana Kompleksində olacaqlar.