Azərbaycanda iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır

30 Октябрь 2019
12:57
330

Asiya İnkişaf Bankı 2019-ci ildə Azərbaycanda iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır. Bu barədə bankın hesabatında qeyd olunub.

Hesabata əsasən, 2020-ci ildə isə ölkə iqtisadiyyatı 2,7 faiz artacaq. Bildirilir ki, Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində genişlənmənin davam etməsi, sənayedə isə daralmanın azalması fonunda 2018-ci ildə ÜDM-in artımı güclənib. Manatın məzənnəsinin stabilliyi sayəsində inflyasiya dərəcəsi sabitləşdirilib, neft qiymətlərinin yüksəlməsi isə cari əməliyyatlar hesabındakı profisitin artmasına gətirib çıxarıb.

2019-2020-ci illərdə dövlət xərclərinin, qaz istehsalının və qeyri-neft sektorunun genişlənməsi fonunda inkişaf tempinin müəyyən dərəcədə artacağı, qaz ixracatının genişlənməsi sayəsində isə cari əməliyyatlar hesabındakı profisitin daha da yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, dominantlıq təşkil edən neft sektorunda 0,6 faiz, iqtisadiyyatın digər sahələrində isə 1,8 faiz həcmində artım sayəsində temp 2017-ci ildəki cüzi 0,1 faizdən 1,4 faizədək sürətlənib.

Təklif baxımından 2017-ci ildəki 3,6 faizlik azalmadan sonra bərpa olunmuş sənayedə cəmi 0,4 faiz səviyyəsində enmə müşahidə olunub. O cümlədən mədənçıxarma sənayesində bərpa ilə istehsal sahələrində 7,9 faizlik artım inşaat sektorunda kəskin azalmanı əsas etibarilə neytrallaşdırıb.

İri dövlət investisiya layihələrinin başa çatdırılması ilə əlaqədar əsaslı xərclərin azalması nəticəsində inşaat sektorunda enmə 2017-ci ildəki 1,5 faizdən 9 faizədək qalxıb. Kənd təsərrüfatı fermerlərə, xüsusilə 6,8 faiz çoxalmış taxıl istehsalına dövlət dəstəyi səbəbindən 2017-ci ildəki 4,2 faizdən 4,6 faizədək artıb. Xidmət sektorunda artım tempi, turizm və nəqliyyat sahələrində inkişaf sayəsində 3,5 faiz səviyyəsində qərarlaşaraq yüksək olaraq qalmaqdadır.

Orta illik inflyasiya dərəcəsi neft ixracatı üzrə qiymətlərin yüksəlməsi və məzənnənin sabitləşdirilməsi məqsədilə dövriyyədə olan valyutanın həcminə nəzarətin gücləndirilməsi sayəsində 2017-ci ildəki 12,9 faizdən 2,3 faizədək, baza inflyasiyası isə 1,8 faizədək kəskin surətdə azalıb.

Новости